Odsöndürücü balondan istifadə qaydaları
- Odsöndürücü balonun üzərində olan yarlıqdakı məlumatla tanış olmaqla həmin balonun hansı yanğınlarda istifadə edildiyini öyrənin;
- qazla işləyən balondan bütün növ yanğınların söndürülməsində istifadə edilir;
- tozla işləyən balondan elektrik təsərrüfatında baş verən yanğınların söndürülməsində istifadə edilir;
- köpüklü balondan bərk maddə və tezalışan mayelərin yanması zamanı istifadə edilir;
- balonun üstündəki manometrin göstəricisi yaşıldırsa, balon istifadəyə yararlıdır;
- istifadə zamanı balondan xarakterik səs eşidilir;
odsöndürücü balondan istifadə etmək üçün:
- onun üstündəki plastik möhürü qırın;
- balonun dəstəyinin arasındakı dəmir kilidi çıxarın;
- təhlükəsiz məsafədə duraraq balonun lüləsini birbaşa alova yönəldin;
- dəstəyi yavaş-yavaş sıxın;
- lüləni yuxari-aşağı, sağa-sola hərəkət etdirərək, alovu tam söndürün.
Məişətdə yanğın
Məişətdə yanğın baş verdikdə təhlükəsizliyi təmin etmək üçün aşağıdakı qaydalara əməl edin:
- “112” qaynar xəttinə məlumat verin;
- odsöndürücü balon və ya əl altında olan digər vasitələrlə (su, qum, palaz, keçə və s.) yanğını söndürməyə çalışın;
- yanğının şiddətlənməməsi üçün qapı və pəncərələri bağlayın;
- mümkündürsə, elektrik və qaz cihazlarını söndürün;
- ağız və burnunuzu nəm dəsmal, şərf, paltar və s. ilə tutaraq tüstüdən qorunun;
- yan otaqdakı tüstüdən qorunmaq üçün qapı ətrafındakı boşluqları nəm əski ilə tutun;
- döşəməyə yaxın ərazidə tüstü daha az olduğundan əyilərək və ya sürünərək hərəkət edin;
- yanğın gücləndikdə sənəd və digər vacib əşyaları götürüb dərhal bayıra çıxın;
- uşaqlara, ahıl və köməyə ehtiyacı olanlara mənzili tərk etməkdə kömək edin;
- mənzili tərk etmək mümkün deyilsə, eyvanda və ya pəncərənin yanında dayanaraq yanğınsöndürənləri gözləyin;
- liftdən istifadə etməyin;
Elektrik təsərrüfatında yanğın təhlükəsizliyi qaydaları
Elektrik təsərrüfatında yanğın təhlükəsizliyinin təmin edilməsi üçün aşağıdakı qaydalara əməl edin:
- elektrik təchizatı sistemi və elektrik cihazlarının sazlığını müntəzəm olaraq yoxlayın və nəzarətsiz qoymayın;
- elektrik cihazı və qurğularının təmiri və qurulmasını, eləcə də elektrik şəbəkəsindəki nasazlıqların aradan qaldırılmasını yalnız mütəxəssisə həvalə edin;
- izolyasiyası zədələnmiş və ya sıradan çıxmış naqil və kabellərdən istifadə etməyin;
- qısaqapanmanın qarşısını almaq üçün avtomatik açardan istifadə edin;
- eyni vaxtda çox sayda elektrik cihazını elektrik şəbəkəsinə qoşmayın;
- şarj məqsədilə elektriklə işləyən cihazlar (telefon, kompüter və s.) nəzarətsiz halda şəbəkəyə qoşulu saxlanılmamalı;
- elektrik qızdırıcı cihazlarını yanar materiallardan (pərdə, mebel və s.) uzaq yerləşdirin, onların üzərinə yanar əşyalar qoymayın;
Məişətdə qazdan təhlükəsiz istifadə qaydaları
Məişətdə qaz cihazı və sobalarından geniş istifadə edilir. Buna görə də yanğın, partlayış və qazdan zəhərlənmə kimi hadisələrin baş verməməsi üçün təhlükəsizlik qaydalarına əməl edin:
- qeyri-standart qaz cihazından istifadə etməyin;
- qaz cihazını daim saz vəziyyətdə saxlayın;
- qaz cihazının təhlükəsizlik hissə və elementlərini çıxarmayın;
- qaz cihazı olan otaqda nəfəsliyi açıq saxlayın;
- işlək qaz cihazını nəzarətsiz qoymayın. Onun üstündəki çaydan və qazanda suyun səviyyəsini elə saxlayın ki, qaynayanda daşıb tökülməsin;
- qaz plitəsi üzərində dəsmal və paltar qurutmayın;
- evdən çıxdıqda qaz cihazını mütləq söndürün və qaz kranını bağlayın;
112 – Zəng Mərkəzi
Aşağıdakı hallarda 112 nömrəli telefona müraciət edə bilərsiniz:
- texnogen mənşəli qəza və təbii fəlakətlər baş verdikdə;
- yanğın baş verdikdə və ya yanğın törədə biləcək hallar yarandıqda;
“112 zəng mərkəzi”nə respublika ərazisində şəhərdaxili, GSM və CDMA tipli simsiz telefon və bütün növ taksofonlardan zəng etmək olar. Xidmət pulsuzdur. Operatorlar 24 saat ərzində (fasiləsiz) məlumat qəbul edir.
Mənbə: Fövqəladə Hallar Nazirliyi (FHN)